Təhtəlşüur səviyyəsində işlək olan ən fundamental kateqoriyalardan biri “şeylərin nizamı”1 kateqoriyasıdır. Adi insanların çoxu bu anlayışla gündəlik söhbətlərdən tanışdır; onlar bu anlayışa fəlsəfi məna bir yana, heç sakral və ya metafizik məna da vermirlər. İnsanlar düşünürlər ki, şeylərin nizamı ibarəsi onların baş verənlərə, gündəlik davranışlarına öz reaksiyalarında zəruri düzəlişdir. Məsələn, vəzifəli şəxsə rüşvət vermək şeylərin nizamına uyğundur. Kimisə hökumət əleyhinə çıxışlarına görə həbs ediblər – normaldır, bu da şeylərin nizamına uyğundur! Bu, təxminən, şimşək çaxdıqdan sonra göy gurultusunu gözləməyə bənzəyir.
Təbii yolla öz-özünə meydana gələn “şeylərin nizamı”nın mövcudluğuna əminlik gündəlik sosial məkanda bir infantilizm simptomu kimi təzahür edir. Bu cür infantilizm sayəsində kütlə uzun müddət belə hesab edirdi ki, – bəziləri elə indi də belə düşünür, – onların KİV-də gördükləri, eşitdikləri və oxuduqları, özlərini televiziya və qəzetlər vasitəsi ilə izah edən, necə başa düşülməli olduqlarına və nə olduqlarına aydınlıq gətirən faktların öz istiqamətverici səsləridir. Yalnız tədricən, bu və ya digər “şeylərin nizamı”nın iflası ilə insanların şüuruna belə bir şübhə girdi ki, onların istifadə etdiyi informasiya kimlərinsə məqsədli və çox vaxt da bədxah iradəsinin məhsuludur.
Seçicilərin təbliğat vasitəsi ilə manipulyasiyası da insan təbiətində “şeylərin nizamı”na inamın kortəbii möhkəmlənməsinə əsaslanır. İnsanlar hər hansı bir namizədin əclaf olduğunu yaxşı bilir. Əksəriyyətin bu adamdan zəhləsi gedir. Amma onun fizionomiyasının ekranlarda tez-tez görünməsi, bu fizionomiyanın yer aldığı afişaların və müxtəlif mənalar verən şüarların çoxluğu, onu dəstəkləmək üçün keçirilən mitinqlər və ekspertlər üçün aydın olan digər texnologiyalar kütləni özü üçün qəbuledilməz olan personaja səs verməyə məcbur edir. Nə üçün? Bəlkə kütlə “şüaraltı” səviyyəsində elə hesab edir ki, bu qeyri-müəyyən siyasi fırıldaqçılar xalqdan oğurladıqları pulların hesabına əclafın önə çıxmasını təşkil ediblər; yox, kütlə düşünür ki, bu simanı işıq sütunundan, televizordan onlara göstərən mövqesiz mühitdir, “şeylərin nizamı”nın özüdür və beləcə, konfutsiliyə inanan bir çinlinin göylərin iradəsi ilə barışdığı kimi, onlar da bununla barışırlar. Belə psixotexnika “imprintinq”2 adlanır və bu, yalnız imprintinq obyektlərinin “şeylərin nizamı” konsepsiyasını qəbul etdiyi zaman mümkün olur. Əslində məhz bu konsepsiya iki əsas, amma sayına və çəkisinə görə qeyri-bərabər olan insan qrupu, – “şeylərin nizamı”nı qəbul edənlərlə, onu rədd edənlər, – arasında suayrıcı rolunu oynayır. Bu ikiqütblü mexanizmin fonunda nüanslar, dərəcələr, keçidlər də mümkündür… və hər iki tərəf həm şüuri, həm də instinktiv olaraq öz mövqeyini tutur. Başlıcası budur ki, əsrlər boyunca mövcud olmuş bu iki böyük qrup arasında sülh və kompromislərin mümkün olmadığı amansız mübarizə gedir.
Bəs bu “şeylərin nizamı” nədir? Bunun kobud lətifə janrında zarafatyana interpretasiyası da var; məsələn, “buterbrod qanunu”; həmçinin şeylərin nizamının faciəvi tale kimi meydana çıxdığı pafoslu mənzərə də mövcuddur. İstənilən halda onunla qarşılaşmadan doğan şüuri təcrübə insanı “yetkinləşdirir”; biliksizlik, “şeylərin nizamı” haqqında təsəvvürün dərki isə (onu qəbul və ya rədd etmək mühüm deyil) insanı şərtlərə uyğun olaraq eyni səhvləri təkrarlamağa meyli olan sadəlövh yeniyetmə mərhələsində saxlayır.
Sadə dillə desək, “şeylərin nizamı” konsepsiyasının dərki ümumilikdə Qərb insanını Şərq insanından fərqləndirir. Müşahidəçilər, – kimi pis niyyətlə, kimi də boş maraq xatirinə, – şərqlilərin yenilməz nikbinliklə, saf həyat eşqi ilə, öz məntiqi mühakimələrinin qiymətləndirici etik kateqoriyalara təmayülü və bağlılığı nəticəsində analitik aparatın zəifliyi ilə fərqləndiyinə dəfələrlə diqqət yetiriblər. Şərqli üçün “yaxşı–pis” dixotomiyası instinktiv səviyyədə mövcuddur; onlar üçün “xeyir” öz-özündən törəyən aşkar və aksiomatik bir şeydir, sübuta, bəraətə və müdafiəyə ehtiyacı yoxdur. Şərq insanı üçün “Teodisiya” (tanrının apologiyası) mücərrəd və son dərəcə mənasız bir şeydir. Sübuta ehtiyacı olmayanı necə sübut etmək olar axı? Bu, “xeyir”in xeyir olduğunu isbat etməyə bərabərdir!
Fəziləti tənqid etmək və onu məhz elə fəzilət olduğu üçün rədd etmək fikri isə şərqli insanın şüuruna əsla yerləşmir. Onun üçün bu hətta satanizm belə deyil, “kvadrat dairə” kimi bir şeydir.
Güman ki, Marksın “bəşəriyyətin uşaqlıq dövrü” adlandırdığı çağlarda Qərbdə arxaik ellin də belə imiş. Amansız skatların, qatil meduzaların, vəhşi akulaların rast gəlinmədiyi (Qırmızı dənizdən fərqli olaraq) Aralıq dənizinin mehriban dalğalarının sahilində qəhqəhə çəkən uşaqlıq dövrü! Doğrudur, arxaik dövrlərdə də bizə Aidin yeraltı səltənətində Axillesin kölgəsinin iztirabları, yaxud səyahət zamanı Odisseyin başına gələn qəribə macəralar şəklində gəlib çıxmış şimşəklər parlamışdı… Lakin ellinistik eposda Fələyin qüvvələrinə qəhrəmancasına meydan oxumaq orada məhz Roma dünyagörüşünün məhsulu olan “şeylərin nizamı” ideyasının yoxluğu sayəsində mümkün olmuşdu!
Ordo rerum, “şeylərin nizamı” – əsl Qərb bundan başlayır. Bu, sırf Roma ideyasıdır. İlk növbədə, bu suala cavab vermək lazımdır: burada “şey” nəyi bildirir? Nə üçün nizam, məsələn, düşüncələrə, hisslərə… ya da qəlblərə yox, məhz şeylərə aid edilir? Çünki “şey” cisimləşdirmədir; o, kövrək fərdi hisslərə ziddir. Şey arzu ilə müəyyən edilən hər şeyə qarşıdır; o şəxsi iradəyə tabe olmayan qatı inersiyadır. Şey Ruh olmayandır.
Nizam konsepsiyası məhz şeylərə münasibətdə qeyd-şərtsiz əhəmiyyətə malikdir. Sonradan bu “nizam” fərdi və subyektiv olanlara da aid edilə bilər… Nizamın təşkili sonradan düşüncə və hisslərə də lazım ola bilər. Amma əvvəlcə dünyanın təşkili insan şəxsiyyətinə mütləq zidd və şübhəsiz, ondan üstün olan obyektlər arasındakı qarşılıqlı əlaqə kimi meydana çıxır.
Bu “şeylərin nizamı” Roma konsepsiyasının görkəmli təbliğatçısı altı kitabdan ibarət “De Rerum Natura” (“Şeylərin təbiəti haqqında”) poemasının müəllifi Lukretsi idi. Yeri gəlmişkən, Lukretsi Roma dünyasında yeganə diqqətəlayiq filosofdur. Onun poeması büxnerlərin3 və moleşotların4, – bazarovlar və verxovenskilərin rəğbət bəslədiyi XIX əsr materialistlərinin fikirlərini müəyyən dərəcədə qabaqlayırdı. Lukretsi dünyanı atomların uçuşduğu bir boşluq kimi təsvir edirdi. Bu atomların müxtəlif kombinasiyalarından insanlar, heyvanlar və digər şeylər (hətta “tanrıların” özləri də, yəni daha incə və yüngül atomların birləşmələri) əmələ gəlir. Şərq metafizikasından, məsələn, “boşluğun” əsas kateqoriya olduğu buddizmdən fərqli olaraq, Lukretsiyə görə, – Roma qavrayışında, – boşluq sadəcə bir məsafədir, fəzadır, atomlar üçün oyun meydançasıdır. Onun qavrayışında başlıca yeri atomlar tutur. Əsl “şeylər” onlardır; birləşərək meydana gətirdikləri kombinasiyalardan fərqli olaraq, atomlar mahiyyətcə sadə və dəyişməzdir. Sonu olmayan bu atomar hərəkət prosesində heç bir teleologiyanın olmaması çox mühümdür. Başqa sözlə, “şeylərin nizamı”ndan “məqsəd” və “məna” çıxarılıb. Bu sadəcə var, vəssalam! Biz əbədi atomların təsadüfi kombinasiyaları kimi varıq. Bunu “şeylərin nizamı” kimi qəbul etmək lazımdır.
Roma ideyası məhz buradan başlayır. Şeylərin nizamı xeyir və şərin fövqündədir. O, qiymətləndirmə kateqoriyalarından kənardır. Amma bu o demək deyil ki, o qeyri-etikdir; əksinə Roma etikasına görə, daxilində mütləq mənasızlıq hökm sürən, obyektiv müstəqil və şəxsi istəklə tamamilə indifferent5 bir təbiətə malik olan məhz bu şeylərin nizamı yüksək imperativ kimi qəbul edilməlidir. Romalı total özbaşınalığı, tiranlığı yüksək təşkilat forması kimi qəbul edərək ilahiliyə yüksəlir. Məhz bu cür yanaşmada, – və yalnız onda, – Broun hərəkətinin xaosu imperiya üçün adi bir şeyə, yəni imperiyanın nizamına çevrilir. Xeyir və şərin o tayında olan bu nizam inadkardır. Onun ilahi gücü də elə bundadır. Roma qanun anlayışı buradan doğur: dura lex sed lex (qanun amansızdır, lakin qanundur).
Nəticədə, “şeylərin nizamı” anlayışının qəbulu öz “fəzilət” formasını, yəni müəyyən bir pozitiv doğurur. Bu fəzilət şərtidir. Zərurətdən doğan, mövcudatın yüksək mənasızlığı ilə təsdiq edilən xalis güc (qüdrət mənasında), “fəzilət” olur. Bu güc özünün ən kəskin ifadəsini ilahi insanın – qeysərin şəxsiyyətində tapır. Məhz buna görə onun iradəsi məqsədəuyğunluğun, siyasi analizin məhsulu deyil, nəhayət, müqəddəs qaçılmazlığın təzahürü də deyil; qeysərin iradəsi Fələyin dekretidir. İnsan şəklini almış şeylərin nizamının səsidir.
Məhz bu qorxunc qüvvə – “girdabdan çıxan bir bədheybət”in başçılıq etdiyi Roma dövlət maşınının etikası – əlverişli və qaçılmaz bir kosmosa sahib barbarların sentimentallığını“diz çökdürdü”. Barbarlar pozitiv uşaq saflığına malik insanlar idilər; onlar üçün xeyir və şər ana bətnində mühafizə olunan rüşeymin özünü hiss etməsi ilə üzvi şəkildə bağlı olaraq yaranır, bu özünü hissetmə körpə soyuq və amansız dünyaya gəldikdə dərhal yoxa çıxırdı.
Barbar bu ilkin yaşantıları heç vaxt şübhə altına almırdı; onun üçün bu yaşantılar məhz onun barbarlığında aksiomatik idi. O, atomların mənasız oyununu mütləq güc qanunu kimi qəbul etmiş romalı ilə üz-üzə gəldi. Təbiət vurğununun bürünc xəncəri mütəşəkkil mənəvi nihilizmin lazer şüası ilə toqquşdu.
Avropanın bütün tarixi bu roma “nihilist özünütəsdiq”inə qalib gəlmək üçün edilən cəhdlərdən ibarətdir. Hansı ki, bu cəhdlər uğursuzluqla nəticələndi; bunu postxristian dünyagörüşündə xeyir teleologiyasının məğlubiyyətinin iki fəlsəfi rəmzi – Şopenhauer və Nitsşe də sübut edir. Nitsşedən və onun “əbədi qayıdış” təlimini (əslində bu, romanın “şeylərin nizamı” konsepsiyasının yeni formasıdır) qəbul etməsindən sonra Qərbin taleyi yalnız postmoderndə qısa kultural çöküş dövrü vasitəsi ilə “yeni Roma”ya qayıdış ola bilərdi.
Burada biz Qərbin “yerli sakin” amilinə münasibətdə mərkəzi mövqeyini və “insani, həddən artıq insani”yə qarşı immunitetini izah edən maraqlı bir fenomenlə qarşılaşırıq: Qərb həmişə dixotomik olub. Bu dixotomiya “Roma bütpərəstliyi – Yaxın Şərq xristianlığı” arasındakı uçurumdan keçmir; o, qərb zəmininin özünə daxilən məxsus olan qütblərdən ibarətdir. Qərb ruhunun bir qütbündə Platon, digərində yuxarıda adını çəkdiyimiz Lukretsi dayanır. Xristianlığın problemi və onun qərb zəmininə məhkumluğu xristian matrisinin Platonun diskursunda formalaşmış olmasındadır. Platon və onun Hegelə qədər bütün filiasiyaları – özündə xüsusi hal kimi çevrilmiş “xristianlığa” da yer verən fundamental ellinistik düşüncəni təmsil edirlər. Platonik düşüncənin əsası Roma ruhunun təbliğçisi Lukretsinin istisna etdiyi “məna”dır.
Ellinlərin ontoloji intuisiyasının mərkəzi oxu, eyni zamanda həm də bütün ənənəvi sivilizasiyaların “metafizikaları”nın açarı mənanın varlığın özünə xas olduğu fikridir; belə ki, ona görə varlıq və şüur (həmçinin fəzilət) eyni şeydir. Bu fundamental bütpərəst intuisiyanın perspektivində Tövratın, Quranın monoteistik vəhyləri və əlbəttə ki, Qərbin formal olaraq özünə bayraq seçdiyi İsa Məsihin kəlamları qaçılmaz adaptasiyaya, təhrifə və nəticədə sosial-siyasi “ölümə” məruz qalıb. Monoteizm Qərbdə bələyindən çıxmadan, körpə vaxtında ölüb, çünki o, Musanın beşiyinə deyil, panteistik müdrikliyin tabutuna yerləşdirilmişdi.
Qeyd etmək lazımdır ki, Platon – Hegel partiya xətti Qərbdə artıq 1848-ci ildə məğlubiyyətə uğramışdı. Bunun ən yaxşı dəlili Lukretsi ilə Hegeli birləşdirmək üçün vicdansızca, amma son dərəcə cəsur bir cəhd olan dialektik materializmin meydana çıxmasıdır. Əlbəttə, belə bir cəhd, obrazlı desək, Vətəndaş müharibəsindən sonra neçə nəsil ötüb keçsə də, “Ağ qvardiyaçılarla Qızıl Ordu arasındakı ittifaq”dan daha uğurlu ola bilməzdi. “Diamat”6 marginal fəlsəfi kazus kimi kollapsa məhkum idi. Müasir Qərbdə az-çox dominant olan mental mənzərəyə baxsaq, Lukretsinin aşkar zəfərini görərik, çünki Priqojinin sinharmonizmi – idarə olunan xaos nəzəriyyəsi və müasir Qərb zəkasının bütün digər ani fotoşəkilləri əslində şəkil dəyişmiş “De Rerum Natura”dan başqa bir şey deyil. Lakin Platonla Lukretsi arasındakı bu iki min illik mübarizə qərb insanının spesifik “yetkinliyini” doğurdu: onun ambivalentliyini7, Dostoyevskinin daraltmaq istədiyi genişliyini, Marksın arxaik Aralıq dənizinin “qəhqəhə çəkən uşaqlarına” qarşı qoyduğu peşəkarlığı, xülasə, avropalını müstəmləkəçiyə, dünyanın qalan hissəsini isə “yerli sakinə” çevirən bütün xüsusiyyətləri ortaya çıxardı. Dünyanın qalan hissəsi – “Şərq” – bütünlüklə xeyir illüziyası içindədir, qərb insanı isə mənasız atomların bilyard şarları kimi toqquşduğu boşluğun soyuq çarəsizliyinə baxmayaraq, düz 2000 ildir ki, bu illüziyaya haqq qazandırmaq uğrunda mübarizə aparır. Atomlar qalib gəldi (Qərb baxışına görə!), amma Qərb öz şizofrenik dini tarixi nəticəsində son dərəcə kəskin oldu.
1. “Порядок вещей” ifadəsi rus dilində təbii, qəbul olunmuş qayda, üsul, tərz kimi mənalara gəlir. Azərbaycan dilində bu ifadəni “təbiidir”, “qaydası budur” kimi tərcümə etmək mümkündür.
2. Yaddaşlara həkk olunan təəssürat
3. Lüdviq Büxner – alman həkim, təbiətşünas, Georq Büxnerin qardaşıdır
4. Yakob Moleşot – holland əsilli italyan fizioloq və filosof. XIX əsrdə vulqar materializmin təmsilçisi
5. Neytral, laqeyd, maraqsız
6. Dialektik materializm
7. İkili münasibət
HEYDƏR CAMAL